Alimlər Konqo meşələrində əvvəllər məlum olmayan yeni meymun növünü müəyyənləşdiriblər.
Sesxeber.com bildirir ki, bu barədə “Indian Express” məlumat yayıb.
Yeni növün aşkar edilməsi maraqlı tarixçəyə malikdir. Onun görüntüsü təxminən 20 il əvvəl çəkilmişdi, lakin uzun müddət heyvanın hansı növə aid olduğu dəqiq müəyyənləşdirilə bilmirdi.
Son araşdırmalar nəticəsində alimlər heyvanın ayrıca növ olduğunu təsdiqləyiblər. Bu yeni növə “Colobus congoensis” (və ya likveli) adı verilib. Sözügedən meymunlar qara rəngli xəzləri, ağız nahiyəsindəki çəhrayı-narıncı çalarları və bəm səslə nərə çəkmələri ilə seçilirlər.
Mütəxəssislərin məlumatına görə, bu canlıların çəkisi 7 kiloqram civarındadır, quyruq hissəsi də daxil olmaqla ümumi uzunluqları isə 1.2 metrə çatır.

Həmin canlılar ilkin olaraq 2008-ci ildə görünsə də, yeni növün rəsmi təsdiqi uzun illər davam edən araşdırmalar nəticəsində mümkün olub. Tropik cəngəlliklərdə bu növün axtarışını nəzərdə tutan layihəyə 2018-ci ildə start verilib. Dörd il ərzində mütəxəssislər 114 dəfə müşahidə aparıb, meşəliklərdə 1 700 kvadratkilometrdən artıq ərazini gəzərək genetik sınaqlar icra ediblər. Bu testlər likvelilərin ən yaxın qohumlarından təqribən 5 milyon il əvvəl ayrıldığını sübuta yetirib.
Kəşf edilən növ Konqo Demokratik Respublikasının mərkəzi regionunda, Lomami çayı hövzəsindəki 1 700 kvadratkilometrlik ərazidə məskunlaşıb. Tədqiqat müəllifləri qeyd edirlər ki, bu tapıntı Afrika primatlarının təkamül tarixini daha dərindən dərk etməyə imkan verəcək.
Tədqiqatçılar hesab edirlər ki, Konqo meşələrində hələ elmə məlum olmayan çoxsaylı canlı növləri mövcud ola bilər.