2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,4 milyard manatlıq məhsul satılıb.
Sesxeber.com bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, bu vəsaitin 17,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,8 milyard manatı qeyri-ərzaq mallarının alışına yönəldilib.
2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.
Məhsul qrupları üzrə ən yüksək artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında (32,6 faiz), əczaçılıq məhsulları və tibbi ləvazimatlarda (24,9 faiz), elektrik malları və mebellərdə (7,9 faiz) qeydə alınıb.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarına, 17,9 faizi digər qeyri-ərzaq mallarına, 12,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılara, 6,3 faizi avtomobil yanacağına, 4,7 faizi elektrik malları və mebellərə, 4,4 faizi içkilər və tütün məmulatlarına, 2,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,4 faizi isə kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 525,7 manatlıq, o cümlədən 285,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 240,0 manatlıq qeyri-ərzaq malları alıb.