Əfsanəvi aktyor yeni beynəlxalq macəra filmi “Tanrının zirehi: Ultimatum”un çəkilişləri üçün Azərbaycandadır. O, Bakıda təxminən 10 gün qalacaq.
Sesxeber.com bildirir ki, filmin səhnələri İçərişəhər, Dağüstü Park, Bakı Funikulyoru, Yaşıl Teatr və Fəvvarələr Meydanında çəkiləcək.
Məlumat üçün bildirək ki, ötən gündən sosial şəbəkələrdə aktyorla Bakıda çəkilmiş kimi təqdim olunan çoxsaylı fotolar yayılıb. Lakin dünən paytaxtda olan şəxs Ceki Çanın özü deyil, onun dublyorudur. Dublyor Bakıda çəkilişlərin aparılacağı məkanlarda olub. Eyni zamanda bəzi fotoların süni intellektlə hazırlanması da istisna edilmir.
Xatırladaq ki, “Armour of God IV: Ultimatum” (“Tanrının zirehi: Ultimatum”) adlı filmin 4-cü hissəsinin çəkilişləri Qazaxıstanda və Azərbaycanda baş tutacaq. Filmin 2027-ci ildə ekranlara çıxması planlaşdırılır.