“Louis Vuitton” brend çamadanlar üslubunda hazırlanan eksklüziv “Porsche 911” cütlüyünü təqdim edib.
Sesxeber.com bildirir ki, təqdim olunan bu yeni avtomobillərin qiyməti 2,5 milyon funt-sterlingdən (təxminən 5.7 milyon manat) başlayır.

Avtomobilin sürət göstəricisini mükəmməlləşdirmək üçün bir il vaxt sərf edilib. Göstərici panelindəki saat “Louis Vuitton”un İsveçrədə yerləşən saat emalatxanasında hazırlanıb. Saat avtomobildən çıxarılaraq evdə masaüstü saat kimi də istifadə oluna bilir.

Singer tərəfindən hazırlanan avtomobil Parisin tikildiyi əhəngdaşından adını alan “Calcaire Lutétien” adlı ağ rəngdə tamamlanıb. Klassik motorlu qayıqlardan ilhamlanan taxta detallardan da istifadə olunub. Qızılı ötürücü qolunun ətrafındakı bağlama ipi isə “Louis Vuitton”un “Noé” çantasından götürülüb.

Oturacaqların arxasında 6 pilləli mexaniki sürət qutusu ilə təxminən 510 at gücü hasil edən 3,8 litrlik, iki turbomühərrikli, 6 silindrli mühərrik yerləşir. Ön baqajda isə məhz bu bölməyə uyğun hazırlanmış üç hissəli baqaj dəsti var.

Qeyd edək ki, “Singer” tüning-atelyesinin iştirakı ilə yığılan avtomobillər dünyada cəmi bir nüsxədə mövcuddur.