Azərbaycanın Vinq Çun üzrə milli yığma komandası Çin Xalq Respublikasında keçirilən nüfuzlu beynəlxalq turnirdə uğurlu çıxış edərək ölkəmizə 9 qızıl və 3 gümüş medal qazandırıb.
Bu barədə sesxeber.com-a federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 22–26 iyul 2026-cı il tarixlərində Çinin Foşan şəhərində Beynəlxalq Uşu Federasiyasının (IWUF) təşkilatçılığı ilə keçirilən vinq çun üzrə beynəlxalq turnirdə dünyanın müxtəlif ölkələrindən 4000-dən çox idmançı iştirak edib.

Yarış yüksək rəqabət şəraitində baş tutub və idmançılar Çisao (sərbəst döyüş) və Taolu (standartlaşdırılmış kompleks hərəkətlər) proqramları üzrə mübarizə aparıblar.

Azərbaycan turnirdə 12 idmançı və 2 məşqçidən ibarət milli yığma ilə təmsil olunub. Nümayəndə heyətinə Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadov, Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy və Azərbaycan Vinq Çun Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Ramin Əliyev rəhbərlik ediblər.
Milli komandanın turnirdə iştirakı Gənclər və İdman Nazirliyi, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Azərbaycan Uşu Federasiyasının dəstəyi ilə reallaşdırılıb.

Turnirdə böyüklər arasında Çisao üzrə 60 kq çəki dərəcəsində mübarizə aparan Aydın Sayadlı, 65 kq-da Elvin Həsənov, 75 kq-da isə Fərid Mürsəlov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Taolu üzrə Azər Sahibi birinci, Emil Əliyev isə ikinci yeri tutub.

Yeniyetmələrin yarışında da Azərbaycan idmançıları uğurlu nəticələr əldə ediblər. Çisao üzrə Məryəm Mahal (60 kq), Xədicə Həbib (65 kq) və Elmar Nəzərov (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnur Kərimov (56 kq) isə turniri gümüş medalla başa vurub. Taolu üzrə Xalid Əliyev qızıl, Nailə Əliyeva isə gümüş medala sahib olub.

Ustadlar kateqoriyasında çıxış edən Asif Sayadov da Taolu proqramında bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.

Beləliklə, Azərbaycan komandası turniri 9 qızıl və 3 gümüş medalla başa vuraraq Vinq Çun idman növündə ölkəmizin beynəlxalq arenadakı uğurlarına növbəti töhfəsini verib.

Mətbuat xidmətindən həmçinin qeyd edilib ki, millimiz səfərdən Heydər Əliyev Beynəlxalq Aeroportuna 27 iyul saat 12:30-da qayıdacaq.