“Qarabağ” komandasının futbolçuları 120 dəqiqəlik oyuna tam hazır deyildilər.
Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı keçirilən cavab oyunundan sonra mətbuat konfransında deyib.
“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Maraqlı oyuna şahidlik etdik. Əvvəlcə də bildirmişdim ki, iki eyni səviyyədə olan komandalar qarşılaşacaq. Çox söz danışmağa ehtiyac yoxdur. Futbolçularım xarakter nümayiş etdirdilər. Konfrans Liqasının oyununa hazırlaşacağıq. Sadəcə 120 dəqiqə oyun biraz həddindən çox oldu və yorucu idi. Futbolçularımız buna tam hazır deyildilər”, – deyə, başq məşqçi şərh edib.
Bu komandalar arasında Bakıda keçirilən ilk matçda hesab açılmamışdı. Cavab görüşünün də əsas və əlavə vaxtı qolsuz bərabərliklə bitib.
Qeyd edək ki, Penaltilər seriyasında daha dəqiq çıxış edən (5:4) Bolqarıstan klubu növbəti mərhələyə adlayıb.
Bununla da Ağdam təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb. Komanda avrokuboklardakı çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək.