İspaniya futbol millisi DÇ-2026-nın qalibi olub.
Sesxeber.com bildirir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komanda finalda son dünya çempionu Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Bununla da İspaniya tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.
ABŞ-nin Nyu-Cersi ştatının İst-Ruterford şəhərindəki “MetLife” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında hesab açılmayıb.
Matçın 90+3-cü dəqiqəsində Argentina millisinin yarımmüdafiəçisi Enso Fernandes ikinci sarı vərəqəni alaraq meydandan qovulub. O, Pau Kubarsiyə qarşı qayda pozuntusuna görə komandasını azlıqda qoyub.
İspaniya say üstünlüyündən əlavə vaxtın 106-cı dəqiqəsində yararlanıb. Ferran Torres fərqlənərək görüşdə yeganə qolun müəllifi olub və komandasına dünya çempionluğunu qazandırıb.
Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edib.
İspaniya yarımfinalda Fransaya 2:0, Argentina isə İngiltərəyə 2:1 hesabı ilə qalib gəlmişdi. Argentina DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək dünya çempionu olmuşdu.