Prezident İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının rəhbər və nümayəndələrini qəbul edib.
Sesxeber.com bildirir ki, görüşdə Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının nümayəndələri iştirak edib.

Prezident İlham Əliyev görüş zamanı bildirib ki, qədim tariximizi nəzərə almasaq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin böyük hissəsinin dövlətçiliyinin yaşı cəmi 35 il olan ölkələrdir:
“Əlbəttə, ölkələrimizin ərazisində qədim dövlətlər mövcud olub, xalqlarımız zəngin dövlətçilik tarixinə malikdirlər və biz haqlı olaraq bununla fəxr edirik. Lakin son dövrə gəldikdə, 1991-ci il Azərbaycanın dövlətçiliyini bərpa etdiyi ildir. Təbii ki, bu da nəzərə almalı olduğumuz amildir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın yenidən müstəqillik əldə etməsindən o qədər də uzun müddət keçməyib, lakin bu dövr həm mürəkkəb, həm də şərəfli olub. Hər bir ölkənin öz çətinlikləri olub, Azərbaycanın da öz çətinlikləri olub, lakin hamımız ən mürəkkəb sınaqlardan şərəflə çıxmışıq.
Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq.
Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq. Əlbəttə, qeyd etdiyim tezislər belə bunun üçün bütün imkanların mövcud olduğunu göstərir”, -deyə Prezident bildirib.