Famil Front oğlu Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sesxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama görə, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Famil Mustafayev bu ordenlə təltif edilib.
Famil Front oğlu Mustafayev 18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olub. 1984–1989-cu illərdə Rusiya Federasiyası Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil alıb və fərqlənmə diplomu ilə bitirib. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.
1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim işləyib. 1992–2000-ci illərdə iqtisadiyyat sahəsində bir sıra nazirlik və dövlət komitələrində məsul vəzifələrdə çalışıb. 2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə-2” kafedrasının baş müəllimi olub. 2004–2015-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. 2015–2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri olub. 2016–2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb. 2018–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini işləyib.
1989–1992-ci illərdə AzTU-da müəllim, 2001–2009-cu illərdə UNEC-də baş müəllim, 2009–2014-cü illərdə dosent, 2014–2019-cu illərdə professor kimi fəaliyyət göstərib. 1998-ci ildə “Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi dərəcəsini alıb. 2010-cu ildə “Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə elmlər doktoru dərəcəsini alıb. Ali Attestasiya Komissiyasının qərarı ilə 2009-cu ildə dosent, 2014-cü ildə isə professor elmi adını alıb. 60-dan çox elmi əsərin, o cümlədən məqalə, dərslik, dərs vəsaiti, tədris proqramı və iki monoqrafiyanın müəllifidir.
Ailəlidir, iki övladı var.

Qeyd edək ki, Famil Mustafayev 21 iyun 2019-cu il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.