Türkiyədə 2016-cı ildəki dövlət çevrilişinə cəhdin əsas fiqurantlarından olan və 10 ildir beynəlxalq axtarışda olan FETÖ üzvü Burkay Karatepenin ifadələri işıqüzü görüb. O, Prezident Rəcəb Tayyib Ərdoğanın ələ keçirilməsi ilə bağlı planlaşdırılan əməliyyatın hazırlanması və icrasına dair şok təfərrüatları bölüşüb.
Karatepe təşkilatla əlaqələrinin hələ 1998-ci ildə məktəb illərində başladığını bildirib. Hərbi məktəbə qəbul olduqdan sonra da təşkilat üzvləri onunla əlaqəni kəsməyib, hətta zabit rütbəsi almasını təmin etmək üçün imtahan suallarının cavablarını öncədən ona veriblər.
İfadəyə əsasən, 2016-cı il iyulun 15-dən bir neçə gün əvvəl İstanbulda gizli toplantı keçirilib. İştirakçılara mühüm əməliyyata hazır olmaları, hətta ailə üzvlərinə belə heç nə deməmələri və şəxsi rabitə vasitələrini özləri ilə götürməmələri tapşırılıb.
Karatəpənin sözlərinə görə, çevriliş gecəsi qrup helikopterlə Çiğli hərbi bazasına aparılıb. Məhz burada onlara ölkədə dövlət çevrilişinin baş verdiyi, tapşırıqlarının isə Prezident Rəcəb Tayyib Ərdoğanı olduğu yerdə ələ keçirərək müəyyən edilmiş ünvana aparmaq olduğu bildirilib.
O qeyd edib ki, silahlı dəstə Ərdoğanın olduğu yer müəyyənləşdirildikdən sonra əməliyyatı həyata keçirmək üçün dərhal Marmaris istiqamətinə yola düşüb.
