Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə başqa məhkəmədə baxılıb.
Sesxeber.com xəbər verir ki, əvvəl Əhməd Arzuxan oğlu Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatətə baxan hakimlər özlərinə etiraz ediblər.
Bununla əlaqədar material aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.
Buna səbəb deputat Arzuxan Əli-zadənin digər oğlu Xətai Rayon Məhkəməsində hakim olmasıdır.
Nizami Rayon Məhkəməsi isə Əhməd Əli-zadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra tərəflər bir-birilərinə bıçaqla hücum ediblər.
Yekunda bir nəfər həyatını itirib. Həyatını itirən Ceyhun adında şəxs olub. O, “Ceyhun Sabunçu” kimi tanınır.
