“Azərbaycan Dəmir Yolları” QSC (ADY) növbəti alternativ səyahət marşrutlarını təqdim edib.
Bu barədə sesxeber.com-a ADY-dən məlumat verilib.
Məlumata görə, Xırdalan və Biləcəri istiqamətindən gələn sərnişinlər Dərnəgül dəmiryol dayanacağında enərək cəmi 50 metr məsafədə yerləşən avtobus dayanacağına keçid edə bilərlər.
Sərnişinlər buradan 4 fərqli avtobus marşrutu vasitəsilə səfərlərini şəhərin müxtəlif istiqamətləri üzrə davam etdirmək imkanına malikdirlər:
2 nömrəli marşrut: Avtovağzal kompleksi istiqaməti (“28 May”, “Nərimanov”, “Azadlıq prospekti”, “20 Yanvar”, “Nizami”, “Avtovağzal” metro stansiyalarından keçməklə).
3 nömrəli marşrut: Badamdar qəsəbəsi istiqaməti (“Gənclik”, “Azadlıq prospekti”, “Elmlər Akademiyası” metro stansiyalarından keçməklə).
33 nömrəli marşrut: Mərkəzi Bank istiqaməti (“Azadlıq prospekti”, “Nizami”, “28 May” metro stansiyalarından keçməklə).
88 nömrəli marşrut: 20-ci sahə istiqaməti (“Azadlıq prospekti” metro stansiyasından keçməklə).
Qeyd edilib ki, Bakı Dəmiryol Vağzalından (“28 May”) Dərnəgül dayanacağına qatarla gediş müddəti cəmi 11 dəqiqə təşkil edir.
Qatarların hərəkət cədvəli ilə ADY-nin rəsmi saytında və ya “ADY Mobile” tətbiqində tanış olmaq mümkündür.