APA TV-nin əməkdaşı Bakının Nizami rayonu, Davud Aslan küçəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğın hadisəsini işıqlandırarkən hücuma məruz qalıb.
Sesxeber.com xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunmuş APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı zorakılıq edilib.
Peşə fəaliyyətini yerinə yetirən jurnalistə özünü mühafizəçi kimi təqdim edən şəxs hücum edib.
Əvvəlcə şəxsiyyətini açıqlamaqdan imtina edən həmin şəxs Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu ağır söyüşlərlə təhqir edib və APA TV-yə məxsus texniki avadanlığa zərər vurub.
Sonradan aparılan dəqiqləşdirmə nəticəsində jurnalistə hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib.
Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində H. Sərdarov ərazidən uzaqlaşdırılıb.
Polis hadisə ilə bağlı Sənan Bəhrəmlidən ilkin ifadə alıb.
Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılığı qınayıb
Şuranın bəyanatında son günlər hadisə yerlərində çəkiliş aparan jurnalistlərə hücumların, fiziki zorakılığın və peşə fəaliyyətlərinə maneələrin ciddi narahatlıq doğurduğu bildirilib. Vurğulanıb ki, bu hərəkətlər cəmiyyətin məlumat almaq hüququna da müdaxilədir.
Şura hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edib, hər kəsi jurnalistlərin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa çağırıb.