Bakının 8 Noyabr prospektində “BakuBus” MMC-yə məxsus marşrut avtobusu sürücülərinin kobud qayda pozuntusunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlardan aydın olur ki, 67208 və 67142 eyniləşdirmə kodlu avtobusların sürücüləri hərəkət zamanı bir-biri ilə yarışa çıxıblar. Onlar manevr qaydalarını kəskin şəkildə pozaraq yoldakı digər nəqliyyat vasitələrinə və sərnişinlərə real təhlükə yaradıblar.
Sesxeber.com bildirir ki, hadisə ilə bağlı “BakuBus” MMC-dən bildirilib ki, qeydə alınan qayda pozuntusu 22 avqust 2026-cı il tarixində, saat 06:35 radələrində baş verib. Şirkət tərəfindən dərhal araşdırma aparılıb və sürücülərdən birinin zolağı dəyişərkən manevr qaydalarına əməl etmədiyi təsdiqini tapıb.
Görüntülərdə yer alan hər iki sürücü barəsində müvafiq intizam tənbehi tədbirləri tətbiq edilib. Həmçinin hər iki şəxs təhlükəsiz idarəetmə və yol hərəkəti qaydaları üzrə təkrar təlimlərə cəlb olunublar.