Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən körpənin müalicəsi uğurla başa çatıb.
Sesxeber.com bildirir ki, 16 iyun 2026-cı il təvəllüdlü qız körpə ağır gedişli suçiçəyi və xəstəliklə əlaqəli yaranan fəsadlar səbəbindən avqustun 31-də Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasının Yenidoğulmuşların Reanimasiyası şöbəsinə yerləşdirilib.
Xəstəxanaya gətirilən zaman körpənin vəziyyəti ağır olub. Huşu aydın olmayan körpədə geniş yayılmış səpgilər, nekrotik dəyişikliklər və ciddi tənəffüs çatışmazlığı müşahidə edilib. Bu səbəbdən o, süni tənəffüs aparatına qoşularaq intensiv müalicəyə cəlb olunub.
Həkimlərin həyata keçirdiyi reanimasiya tədbirləri və uzunmüddətli intensiv müalicə nəticəsində körpənin vəziyyətində müsbət dinamika yaranıb. Davamlı tibbi nəzarət və aparılan müalicədən sonra onun səhhəti stabilləşib.
Körpə sentyabrın 12-də müalicə aldığı xəstəxanadan evə buraxılıb.