2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadiyyatın bir sıra xidmət sahələrində əhəmiyyətli artım qeydə alınıb.
Sesxeber.com Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən bildirir ki, hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin həcmi 10 milyard 931,9 milyon manat təşkil edib. Bu sahədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artım olub.
İnformasiya və rabitə xidmətlərinin həcmi isə 2 milyard 748,1 milyon manata çatıb. Sözügedən sahədə artım 10,7 faiz təşkil edib.
Yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi 44 milyard 256,1 milyon manat olub. Real ifadədə pərakəndə ticarət dövriyyəsi 3,9 faiz artıb.
İqtisadiyyata əsas kapitala yönəldilən investisiyaların həcmi 12 milyard 677,8 milyon manat təşkil edib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.
Qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi isə 8 milyard 431,1 milyon manat olub. Bu istiqamətdə illik 1,4 faiz artım qeydə alınıb.