Azərbaycanda 2025-ci ildə virus hepatiti üzrə qeydə alınan hallar əvvəlki illə müqayisədə beş dəfədən çox azalıb.
Sesxeber.com bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə virus hepatitinin 429, 2024-cü ildə 634, 2025-ci ildə isə 123 halı qeydə alınıb.
Ən ciddi azalma hepatit A üzrə müşahidə olunub. Belə ki, bu xəstəlik üzrə qeydə alınan hallar 2024-cü ildəki 441-dən 2025-ci ildə cəmi 14-ə enib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə 224 yoluxma halı aşkarlanmışdı.
Hepatit B üzrə isə 2023-cü ildə 72, 2024-cü ildə 51, 2025-ci ildə isə 62 yoluxma halı qeydə alınıb.
Beləliklə, əvvəlki illə müqayisədə bu göstəricidə cüzi artım müşahidə edilib.
Hepatit C üzrə yoluxma halları isə 2024-cü ildəki 142-dən 2025-ci ildə 47-yə düşüb. 2023-cü ildə bu göstərici 133 olub.
Ümumilikdə, Azərbaycanda virus hepatiti üzrə qeydə alınan hallar bir il ərzində 80,6% azalaraq 634-dən 123-ə enib.