Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
Sesxeber.com bildirir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı finalda özbəkistanlı Bunyod Hasanova uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
O, final görüşündə uduzduğuna görə çox təəssüfləndiyini söyləyib:
“Ölkəmizdə keçirilən dünya çempionatında qızıl medal qazanmalı idim. Öz səhvlərimə görə finalda məğlub oldum. Görüşə aktiv şəkildə başlamamışdım. İnşallah, növbəti dünya çempionatında daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksələcəyəm”.
Daha əvvəl təmsilçilərimizdən Əli Cavadlı (45 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) mundialın bürünc medalına sahib çıxıblar.