Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar.
Sesxeber.com bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial media hesabında paylaşdığı videonun üzərində yazıb.
“Diplomatik korpus nümayəndələri ilə Şuşa və Xankəndiyə səfərimizin ilk günündən. Hazırda Ağdərə və Kəlbəcərə yollanırıq”, – paylaşımda qeyd olunub.
Diplomatik korpus nümayəndələri Ağdərə və Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri, infrastruktur layihələri və tarixi-mədəni irsin bərpası ilə tanış olacaqlar. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik heyət iştirak edir.
Qeyd edək ki, sentyabrın 11-də Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başlayıb.