Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb.
Sesxeber.com bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyən edilməsini təsdiq edən prosedurdur və hər beş ildən bir həyata keçirilir.
10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib.
Aparılmış müzakirələrin və səsvermənin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə yekun nəticə “uyğun deyil” olaraq qiymətləndirilib və Bakı Qızlar Universitetinin akkreditasiya olunmuş hesab edilməməsi barədə qərar qəbul edilib.
Qərar universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqların müəyyən edilməsi əsasında qəbul olunub.
Akkreditasiya Şurasının qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.37-ci bəndi nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisəsinin təhsil fəaliyyətinin icrasının dayandırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara başlanılıb.