Hər il iyulun 30-u dünyanın bir çox ölkəsində Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd olunur.
Sesxeber.com xəbər verir ki, bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 2013-cü ildə qəbul edilmiş A/RES/68/192 saylı qətnamə ilə təsis edilib. Məqsəd insan alveri qurbanlarının vəziyyəti barədə ictimai məlumatlılığı artırmaq, onların hüquqlarını təşviq etmək və qorumaqdır.
Ölkəmizdə insan alverinə qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edilmiş və bu sahədə beynəlxalq öhdəliklərə uyğun olaraq hüquqi və institusional mexanizmlər formalaşdırılmışdır. Azərbaycan BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasına və onu tamamlayan İnsan Alverinin Qarşısının Alınması, Dayandırılması və Cəzalandırılması haqqında Palermo Protokoluna qoşulmaqla beynəlxalq əməkdaşlığın fəal iştirakçısına çevrilmişdir.
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, qanunun tətbiqi ilə bağlı çoxsaylı normativ-hüquqi aktlar təsdiq olunmuş, dövlət proqramları həyata keçirilmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.
İnsan alverinə qarşı mübarizənin əsas icraçı qurumlarından biri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsidir. Baş İdarə cinayətlərin aşkar edilməsi, insan alveri ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların ifşası, qurbanların müəyyənləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsi, sosial müdafiə tədbirlərinin həyata keçirilməsi və preventiv fəaliyyət istiqamətində mühüm işlər görür.
İnsan alveri insanların aldadılması, istismar edilməsi və əsas hüquqlarının pozulması ilə nəticələnən cinayətdir. Bu cinayətlərə qarşı mübarizədə hər bir vətəndaşın məlumatlı, diqqətli və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir.
İnsan alverinə qarşı birlikdə mübarizə aparaq.