Yaponiyada güclü leysan yağışları səbəbindən 170 mindən çox sakinə təcili təxliyə göstərişi verilib.
Sesxeber.com xəbər verir ki, bu barədə ölkənin İnzibati İşlər və Kommunikasiya Nazirliyinin məlumatında bildirilir.
Bəzi şəhərlərdə küçələrdə suyun səviyyəsinin təxminən 20 santimetrə çatdığı, yağıntının intensivliyinin isə saatda 110 millimetr olduğu qeyd edilir.
Güclü yağışlar dəmir yolu hərəkətində, eləcə də Narita beynəlxalq hava limanını paytaxtla birləşdirən xətlərdə fasilələrə səbəb olub. Bununla əlaqədar olaraq, hava limanında 7 min insan qalır.
Yaponiyanın mərkəzi hissəsinin bəzi rayonlarında sutkalıq yağıntının miqdarı 360 mm-dən çox olub. Elektrik verilişi xətlərinin qırılması səbəbindən Tiba prefekturasında ən azı 25 min ev işıqsız qalıb.
Hakimiyyət orqanları əhalini təhlükəsizlik tədbirlərinə əməl etməyə və təxliyə göstərişlərini nəzərə almağa çağırır.