Sənədsiz evlərin sənədləşdirilməsinə başlanılıb. Artıq sənədsiz evi olan şəxslər asanlıqla Dövlət Reyestrindən çıxarış ala bilər.
Bunun üçün əsas tələb odur ki, ev bələdiyyə torpaqlarında inşa edilmiş olsun. Əgər sənədsiz ev bələdiyyə torpaqlarında inşa edilibsə, o zaman vətəndaş yerli bələdiyyəyə müraciət etməlidir.
Bu müraciətdən sonra bələdiyyə müstəqil qiymətləndiricini dəvət edir və həmin torpaq sahəsinin bazar dəyəri müəyyən edilir. Bundan sonra bələdiyyə ilə vətəndaş arasında həmin torpaq sahəsinin alqı-satqısı həyata keçirilir. Alqı-satqı həyata keçirildikdən sonra Dövlət Reyestr Xidmətinə müraciət edilir. Nəticədə torpaq sahəsi və onun üzərindəki daşınmaz əmlak dövlət qeydiyyatına alınır.
Proses Abşeron yarımadasında artıq başlayıb. Sözügedən ərazidə hazırda 500 mindan çox çıxarışsız ev var.
Bu evlərin sahiblərinin çoxunun əlində hansısa sənəd var. Lakin bu sənədlərin bəziləri bu gün keçərli deyil. Məsələn kiminsə əlində bələdiyyə sənədi var. Amma həmin ərazi müvafiq bələdiyyənin ərazisi deyil. Bu halda həmin sənədlə özəlləşməyə getmək mümkünsüzdür. Çünki bunun üçün ilk növbədə torpağın təyinatı dəyişməlidir. Bu isə Nazirlər Kabinetinin səlahiyyətinə aid məsələdir.
Amma bələdiyyə ərazisində inşa edilmiş evin torpağı bələdiyyə mülkiyyətinə aiddirsə və onun sənədlərində hansısa çatışmazlıq varsa, bunun da həll yolu mümkündür.
Belə ki, vətəndaş əlindəki sənədlərlə Dövlət Reyestr Xidmətinə müraciət etməlidir. Hansısa çatışmazlığıa görə Xidmət çıxarış verməkdən imtina edərsə, o zaman vətəndaş etiraz məktubu ilə birgə əlindəki sənədləri birləşdirərək məhkəməyə müraciət etməlidir.
Məhkəmə araşdırmasında müəyyən edilsə ki, sənədlərin çatışmazlığı vətəndaşın yox, hansısa qurumun günahı ucbatındandır, o zaman vətəndaşın iddiası təmin olunur. Nəticədə, məhkəmənin qərarına əsasən vətəndaşa Dövlət Reyestrindən çıxarış verilir.
Hazırda əsas problem 2007-ci ildən sonra bələdiyyə qərarı ilə tikilən və yaxud kommunikasiya xətlərinin üzərində, dəmir və avtomobil yollarının mühafizə zolağında, eləcə də yüksək gərginlikli elektrik xətlərinin altında inşa edilmiş evlərlə bağlıdır.