Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücum riskləri barədə xəbərdarlıq edib.
Sesxeber.com məlumata əsasən bildirir ki, son həftələrdə Avropanın bir sıra ölkələrində bu cür hücumlar qeydə alınıb.
Oktyabrın 11-də Fransada yüzlərlə supermarketin, noyabrın 2-də isə Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada müxtəlif obyektlərin kiberhücumlardan zərər çəkdiyi bildirilir.
Həmçinin Fransada qan banklarından birinin soyutma sisteminə müdaxilə edilməsi təhlükənin səhiyyə sektorunu da əhatə etdiyini göstərir.
Bildirilib ki, kibercinayətkarlar avadanlıqların idarəetmə sistemlərinə icazəsiz daxil olaraq onları əridilmə rejiminə keçirir və ya temperaturu 50°C-dək yüksəldirlər. Hücumların əsasən gecə saatlarında həyata keçirilməsi müdaxilənin gec aşkarlanmasına və saxlanılan məhsulların yararsız hala düşməsinə səbəb olur.
Əsas hədəflər internetə birbaşa qoşulan idarəetmə sistemləridir. Xüsusilə köhnəlmiş proqram təminatı ilə işləyən və istehsalçı dəstəyini itirmiş avadanlıqlar daha yüksək risk altındadır.
Agentlik xəbərdarlıq edib ki, belə hücumlar maddi zərərlə yanaşı, avadanlıqların sıradan çıxmasına, yanğın təhlükəsinə və tibbi məhsulların saxlanma şəraitinin pozulmasına səbəb ola bilər.
Qurum təşkilatları soyutma sistemlərinin kibertəhlükəsizliyinə xüsusi diqqət yetirməyə və mümkün hücumlara qarşı qabaqlayıcı tədbirlər görməyə çağırıb.