Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.
Sesxeber.com bildirir ki, birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,14% artaraq 4 222 ABŞ dollarına bərabər olub.
“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,5% artaraq 61,36 dollar təşkil edib.
Ekspertlərin fikrincə, hər hansı investisiya qərarı verilərkən ilk növbədə müvafiq sahədə son bir ilin qiymət dəyişiklikləri və inflyasiya göstəriciləri araşdırılmalıdır. Çünki qiymətlərin əvvəlki dövrdə artması gələcəkdə də eyni tendensiyanın davam edəcəyinə zəmanət vermir.
Qızıla yatırım zamanı diqqət edilməli digər məqam likvidlikdir. Yəni vətəndaşın təcili nağd pula ehtiyacı yarandıqda əlindəki qızılı nə dərəcədə asanlıqla sata biləcəyi əvvəlcədən nəzərə alınmalıdır.
Qızılın təhlükəsiz saxlanması da əlavə məsuliyyət yaradır. Böyük həcmdə qızılı evdə saxlamaq oğurluq riski ilə bağlı narahatlıq doğura bilər. Bank seyfindən istifadə edildikdə isə bunun üçün ödənilən illik məbləğ də ümumi xərclərə daxil edilməlidir.
Ekspertlər qeyd edir ki, gələcəkdə qiymətlərin artacağı ehtimalına əsaslanaraq vətəndaşlara ümumi şəkildə qızıl almağı tövsiyə etmək düzgün deyil. Bu, vətəndaşın azad seçimi olmalıdır. İnflyasiya göstəriciləri və xüsusilə də şəxsin yığımının həcmi nəzərə alınaraq investisiya qərarı verilməsi daha məqsədəuyğundur.
Beləliklə, qızıla yatırım etmək istəyən vətəndaşların yalnız sosial şəbəkələrdəki paylaşımlara və başqa ölkələrin təcrübəsinə əsaslanması məqsədəuyğun deyil. İnvestisiya qərarı şəxsin maliyyə vəziyyəti, məqsədləri, mümkün risklər və vəsaitə nə vaxt ehtiyac yarana biləcəyi nəzərə alınmaqla verilməlidir.