Türkiyə mətbuatında braziliyalı əfsanəvi futbolçu Roberto Karlosun İslam dinini qəbul etməsi ilə bağlı xəbərlər yayılıb.
Sesxeber.com bildirir ki, “Real Madrid”, Braziliya milli komandası və “Fənərbağça”nın sabiq ulduzu ilə bağlı bir çox türk mediasının yazdığına görə, 53 yaşlı sabiq futbolçu təxminən dörd həftə əvvəl Braziliyadakı müsəlman icmasının tanınmış simalarından biri olan Şeyx Cihad Hamada ilə görüşündə kəlmeyi-şəhadət gətirərək İslamı seçib.
İddialar Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan Türkiyənin parlament üzvü Əli Şahinin sosial şəbəkə paylaşımından sonra daha da yayılıb. O, San-Paulu şəhərində Braziliya Müsəlman Gənclərinin Xeyriyyə İttifaqını ziyarət etdiyini və Şeyx Cihad Hamada ilə görüşdüyünü bildirib.
Şeyx deputata bildirib ki, Roberto Karlos uzun müddət onlarla əlaqə saxlayıb, daha sonra isə ziyarətə gələrək İslamı qəbul edib. Əli Şahin də öz növbəsində sabiq futbolçunu təbrik edib.
Bu xəbərlər Roberto Karlosun mərakeşli Süheylə əl-Tahiri ilə evlilik şəkillərinin sosial şəbəkələrdə yayılması ilə üst-üstə düşüb. FİFA lisenziyalı agent olan Süheylə əl-Tahiri ilə futbolçunun nikah mərasimi iyul ayında ailə üzvləri və yaxın dostlarının iştirakı ilə baş tutub.
Hələlik Roberto Karlosun özündən heç bir rəsmi təsdiq və ya açıqlama gəlməyib. Xəbərin dəqiq olması üçün futbolçunun rəsmi açıqlaması əsas şərt olaraq qalır.
Qeyd edək ki, İslam qanunlarına görə müsəlman qadının qeyri-müsəlman kişi ilə nikah bağlamasına icazə verilmir. Qadının müsəlman kişi ilə evlənməsi şərt hesab olunur. Bu səbəbdən məşhur futbolçunun İslamı qəbul etməsi ehtimalı yüksək görünür.