Bakı metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində 15 avqustdan “Nizami”–”28 May” tuneli bağlanacaq və yerində “Nizami”–”Cəfər Cabbarlı” istiqamətində iki yeni tunel tikiləcək. İşlərin təxminən 10 aya başa çatdırılması planlaşdırılır.
Sesxeber.com bildirir ki, bu müddətdə Yaşıl xətt qatarları yalnız “Nizami” stansiyasına qədər hərəkət edəcək, Qırmızı və Yaşıl xətlər arasında birbaşa keçid müvəqqəti dayandırılacaq.
Risklərin minimuma endirilməsi məqsədilə M1–M6 indeksli 6 müvəqqəti ekspres avtobus marşrutu təşkil ediləcək və həmin marşrutlara ümumilikdə 87 avtobus cəlb olunacaq. Eyni zamanda mövcud müntəzəm avtobus marşrutlarına 97 əlavə avtobus xəttə buraxılacaq.
Sərnişinlərin səfərlərinin mövcud metro xətləri və ya birbaşa alternativ yerüstü ictimai nəqliyyat vasitələri ilə təşkil edilməsi nəzərdə tutulur. Tikinti dövründə sərnişinlərin gündəlik səfərlərində yaranacaq dəyişikliklərin və müvəqqəti çətinliklərin minimuma endirilməsi məqsədilə müvəqqəti hərəkət sxemi və alternativ marşrutlar barədə intensiv məlumatlar yayılacaq.
Qırmızı və Yaşıl xətlər tam müstəqil fəaliyyət göstərəcək. Bir xəttdə baş verən nasazlıq və ya gecikmə digər xəttin hərəkətinə təsir etməyəcək. “28 May” stansiyasında platforma yüklənməsi və sərnişin sıxlığı əhəmiyyətli dərəcədə azalacaq.
Yaşıl xətt üzrə “Cəfər Cabbarlı–Xətai” sahəsində qatarların hərəkət intervalı 8 dəqiqədən 3 dəqiqə 30 saniyəyədək azalacaq. Növbəti mərhələlərdə hər iki xətt üzrə qatarların hərəkət intervalının təxminən 2 dəqiqəyədək azaldılması üçün texniki imkan yaradılacaq.
Nəticə etibarilə, layihənin icrası tikinti dövründə müəyyən müvəqqəti çətinliklər yaratsa da, Bakı Metropoliteninin gələcək inkişafını təmin edəcək əsas infrastruktur məhdudiyyətini aradan qaldıracaq və şəhərin artan nəqliyyat tələbatına uyğun dayanıqlı metro şəbəkəsinin formalaşdırılmasına imkan verəcək.
