Peşə, orta ixtisas və ali təhsil müəssisələrində vahid geyim tələbinin tətbiqi nəzərdə tutulmur.
Sesxeber.com xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.
“Söhbət konkret olaraq yalnız dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları və təhsilverənləri üçün müəyyən edilmiş geyim qaydalarından gedir. Hazırda adı çəkilən təhsil müəssisələrində təhsilalanların vahid geyim tələblərinin tətbiqi məsələsi nəzərdə tutulmur” – deyə nazir müavini qeyd edib.
Firudin Qurbanov həmçinin qeyd edib ki, dövlət ümumi təhsil müəssisələri üçün müəyyən edilmiş vahid geyim qaydaları dövlət ümumi təhsil müəssisələrini əhatə edir. Bununla belə, özəl ümumi təhsil müəssisələri də öz Nizamnamələrinə uyğun olaraq özləri üçün müvafiq geyim qaydalarını müəyyən edə bilərlər:
“Lakin bu mövzuda məktəbləri dövlət və özəl əsasda fərqləndirmək valideynlər tərəfindən birmənalı qarşılanmaya bilər. Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, təhsil hüququnun qorunması, məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi üçün bu məsələlərin həlli bütün təhsil müəssisələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Hesab edirik ki, bu prinsiplərin bütün məktəblərdə ardıcıl şəkildə tətbiqi təhsil mühitinin daha sağlam və nizamlı təşkilinə müsbət təsir göstərə bilər”, – nazir müavini qeyd edib.