İstanbulun Ümraniyə rayonunda ictimaiyyətdə “Süleymancılar” kimi tanınan dini icmaya aid olduğu bildirilən mərkəzə polis tərəfindən əməliyyat keçirilib. Axtarış zamanı bina qarşısında toplaşan şəxslərlə polis arasında qarşıdurma yaşanıb.
Sesxeber.com Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə Ankara Baş Prokurorluğunun Alihan Kuriş və onunla əlaqələndirilən strukturla bağlı genişmiqyaslı istintaqı çərçivəsində baş verib.
İstanbulun Ümraniyə rayonunun Esenevler məhəlləsində yerləşən ünvanda axtarış zamanı bina qarşısında toplaşan bir qrup şəxsin polis əməkdaşlarının fəaliyyətinə mane olmağa çalışması nəticəsində gərginlik yaranıb. Qarşıdurmadan sonra əraziyə əlavə polis qüvvələri göndərilib. Hadisə zamanı axtarışın davam etdiyi və əməliyyatın havadan da izlənildiyi bildirilib.
Qeyd olunur ki, Ümraniyədəki əməliyyat Ankara Cumhuriyet Başsavcılığının Alihan Kuriş və onunla əlaqələndirilən struktur barədə apardığı istintaqın davamı kimi həyata keçirilib.
Avqustun 13-də Türkiyənin 17 vilayətində keçirilən əməliyyatlar zamanı Kuriş də daxil olmaqla 49 nəfər barəsində gözaltı qərarı verilib. 123 ünvanda axtarış və müsadirə tədbirlərinin həyata keçirildiyi açıqlanıb. Bu ünvanların 43-ü şübhəlilərlə, 80-i isə 33 şirkətlə əlaqələndirilib.
İstintaqda “cinayət təşkilatı qurmaq və idarə etmək”, “cinayət təşkilatına üzv olmaq”, “cinayətdən əldə edilmiş əmlakın yuyulması”, “dövlət qurumlarının zərərinə dələduzluq” və “Vergi Usul Qanununa zidd əməllər”lə bağlı iddialar araşdırılır.
Türkiyə hökuməti əməliyyatın dini fəaliyyətə və ya hər hansı dini icmaya qarşı yönəlmədiyini, araşdırmanın maliyyə və cinayət xarakterli iddialara əsaslandığını bildirir
Hazırkı mərhələdə Alihan Kuriş və digər şübhəlilərə qarşı irəli sürülən ittihamlar məhkəmə tərəfindən yekun şəkildə təsdiqlənməyib.