Azərbaycanda 2027-ci ildən əmlakını kirayəyə verən fiziki şəxslər üçün yeni vergi güzəşti tətbiq oluna bilər.
Sesxeber.com bildirir ki, yenilik Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulub. Layihəyə əsasən, yaşayış və ya digər əmlakını kirayəyə verən şəxslər bu fəaliyyətlə bağlı çəkdikləri xərcləri gəlirlərindən çıxaraq qalan məbləğ üzrə vergi ödəyə biləcəklər.
Bunun üçün əmlak sahibi vergi uçotuna alınmalı, müvafiq bəyannamə təqdim etməli və vergi orqanını, eləcə də kirayəçini məlumatlandırmalıdır.
Məlumatın vergi orqanına təqdim edildiyi aydan sonrakı aydan etibarən kirayə gəlirindən ödəmə mənbəyində vergi tutulması dayandırılacaq. İlin sonunda isə şəxsin əldə etdiyi gəlir və çəkdiyi xərclər nəzərə alınaraq yekun vergi məbləği hesablanacaq.
Əvvəlki aylarda tutulmuş vergilər illik vergi öhdəliyindən çıxılacaq. Artıq qalan məbləğ isə növbəti illərin vergi ödənişlərinə yönəldilə biləcək.
Qeyd edək ki, 2026-cı ildən yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib.
Yeni dəyişikliklər 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil edilib və hələlik təklif mərhələsindədir.