Tanınmış “Euronews” telekanalı Azərbaycanın zəngin milli mətbəxinə həsr olunmuş reportaj yayımlayıb.
Sesxeber.com bildirir ki, reportajda xüsusilə ölkənin ən məşhur ənənəvi xörəkləri olan düşbərə və gürzədən bəhs edilir.
Xəmir xörəkləri haqqında reportajda bu xörəklərin təxminən iki min il əvvəl Çində yaranması və dahasonra tacirlər, köçərilər və karvanlarla birlikdə İpək Yolunun tarixi ilə paralel “Düşbərə kəməri” adlandırıla biləcək bir marşrutla qərbə – İspaniyaya qədər yayılmasından bəhs olunur.
Yeni coğrafiyalara çatdıqca onlar yerli dadlara uyğunlaşıb. Qədim ticarət yolları boyunca irəlilədikcə bu yemək dəyişib və Özbəkistanda zərif çuçvara və mantı, Qazaxıstanda iri mantı, Cənubi Qafqazda isə Azərbaycanın incə hazırlanmış düşbərə və gürzəsi meydana çıxıb.
Müəllif qeyd edir ki, Azərbaycanda düşbərə və gürzə milli mətbəxdə xüsusi yer tutur. Bildirilir ki, miniatür ölçülü düşbərə ət içliyi ilə hazırlanan xırda kündələrdən ibarətdir və ənənəvi olaraq ətirli bulyonla süfrəyə verilir.
Reportajda vurğulanır ki, gürzə isə daha iri ölçüsü və ilanı xatırladan hörmə bükümü ilə seçilir. Müəllifin sözlərinə görə, bu yeməklərin tərkibi sadə olsa da, hazırlanması böyük ustalıq və səbir tələb edir. Onların bükülmə sirləri isə nəsildən-nəslə ötürülərək bu günə qədər qorunub saxlanılır.