Tanınmış rep ifaçısı Elşad Xosenin səhhətində ciddi problemlər yarandığı və bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi iddia olunur.
Səhiyyə Nazirliyinin rəsmisi Elvin Hacıyev açıqlamasında Elşad Xosenin Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə məlumatı nə təsdiqləyib, nə də təkzib edib.
O bildirib ki, qanunvericiliyə əsasən şəxsin psixi sağlamlığı, o cümlədən psixiatriya və narkoloji xidmətlərdən istifadə etməsi ilə bağlı məlumatlar tibbi sirr hesab olunur və məxfiliyi dövlət tərəfindən qorunur.
“Bu səbəbdən hər hansı şəxsin psixiatriya və ya narkoloji tibb müəssisəsində qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və ya kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz. Belə məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda, şəxsin öz razılığı ilə və ya məhkəmə, istintaq və digər səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər”, — deyə qurum rəsmisi qeyd edib.