Son dövrlərdə kibertəhlükəsizlik təhdidlərinin, zərərli proqram təminatlarının yayılması və müxtəlif kiberhücumların sayının artması internet istifadəçilərinin şəxsi məlumatlarının qorunmasını daha da aktuallaşdırır.
Sesxeber.com bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmət istifadəçilərinə ünvanladığı çağırışda bildirilib.
Qeyd olunub ki, DİM özünün elektron xidmətlərindən, informasiya sistemlərindən və digər onlayn resurslarından istifadə edən şəxslərə hesablarının təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edir.
İstifadəçilər DİM-in elektron xidmətlərinə və “Şəxsi kabinet”lərinə yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, özlərinə məxsus və ya etibarlı cihazlardan daxil olmalıdırlar. Xüsusilə tanımadıqları internet klublarında, ictimai istifadə üçün nəzərdə tutulmuş kompüterlərdə və təhlükəsizliyinə əmin olmadıqları digər cihazlarda şəxsi hesablarına daxil olmaqdan çəkinməlidirlər.
Həmçinin istifadəçilərə şəxsi hesablarının giriş məlumatlarını, şifrələri və təsdiq kodlarını digər şəxslərlə paylaşmamaq, tanımadıqları şəxslərdən və ya şübhəli mənbələrdən daxil olan keçidlərə (linklərə) klikləməmək və digər təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunub.
Bildirilib ki, şəxsi hesabların və məlumatların təhlükəsizliyi yalnız müvafiq informasiya sistemlərinin texniki mühafizəsindən deyil, həm də istifadəçilərin təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmasından asılıdır.
Dövlət İmtahan Mərkəzi istifadəçiləri elektron xidmətlərdən yararlanarkən diqqətli olmağa, şəxsi məlumatlarının qorunmasına məsuliyyətlə yanaşmağa və kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.