“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda çəkilən hissəsi başa çatıb. Bu, ölkədə indiyədək həyata keçirilmiş ən irimiqyaslı xarici film istehsalı layihəsi olub.
Sesxeber.com bildirir ki, filmin çəkilişlərinə 200-dən çox yerli mütəxəssis və onlarla Azərbaycan şirkəti cəlb edilib.
“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycan hissəsinin çəkilişlərinin uğurla keçməsində Mədəniyyət Nazirliyinin koordinatorluğu ilə müxtəlif dövlət orqanlarının – Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və digər qurumların – ümumilikdə 26 rəsmi təşkilatın çəkiliş heyətinə dəstək məqsədilə birgə fəaliyyəti mühüm rol oynayıb.

Qeyd edək ki, layihənin Azərbaycanda həyata keçirilməsi ölkənin beynəlxalq kino sənayesində tanıdılması və turizm imkanlarının təşviqi baxımından mühüm addım kimi qiymətləndirilir.

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycan hissəsinin çəkilişləri başa çatandan sonra Ceki Çanın prosesə dəstək vermiş dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşü keçirilib. Aktyor verilən dəstəyə görə bütün qurumlara şəxsən təşəkkürünü bildirib və xatirə hədiyyələri təqdim edib.
