Azərbaycanda bəzi hallarda işçilərə əməkhaqqından əlavə ödənişlərin verilməsi nəzərdə tutulur.
Sesxeber.com bildirir ki, Əmək Məcəlləsinə əsasən, əlavə ödənişlər iş rejimi, görülən işin xüsusiyyəti və əmək şəraitindən asılı olaraq müəyyən edilir.
Belə ki, iş vaxtından artıq çalışanlara hər əlavə saat üçün ən azı ikiqat məbləğdə ödəniş edilməlidir. İstirahət və bayram günlərində işləyənlər üçün də artırılmış əməkhaqqı nəzərdə tutulur.
Gecə saatlarında və çoxnövbəli rejimdə çalışanlara, həmçinin ağır, zərərli və xüsusi əmək şəraitində işləyən şəxslərə müvafiq əlavələr tətbiq edilir. Bundan başqa, əsas işi ilə yanaşı başqa əməkdaşın vəzifəsini müvəqqəti yerinə yetirən işçiyə əlavə haqq ödənilə bilər.
Qanunvericilikdə və müvafiq qaydalarda nəzərdə tutulan hallarda staj, elmi dərəcə, fəxri və xüsusi adlara görə də əməkhaqqına əlavələr verilə bilər.