“Tarqovu”da yerləşən binada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən tam söndürülüb.
Sesxeber.com bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
“Yanğın nəticəsində binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsində fəaliyyət göstərən müxtəlif təyinatlı 11 obyektdən 3-nün yanar konstruksiyaları 120 kv.m. sahədə, eləcə də 2-ci mərtəbədə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan üçotaqlı mənzilin döşəməsi yanıb. Binanın böyük hissəsi yanğından mühafizə edilib.”, – deyə nazirlikdən bildirirlib.
Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib. TƏBİB-dən verilən məlumata görə, bu gün saat 11:35 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən şəxslərin vəziyyəti stabil qiymətləndirilir və müalicələri Toksikologiya şöbəsində davam etdirilir.
4 nəfərə (1 qadın, 3 kişi) isə stresə qarşı və tüstüdən zəhərlənmə ilə əlaqədar yerində yardım olunub.