Oktyabrın 30-da Bakının Yasamal və Səbail rayonlarının, eləcə də Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Sesxeber.com “Azərişıq” ASC-nin məlumatına əsasən bildirir ki, buna səbəb transformator məntəqələrində və yarımstansiyada aparılacaq təmir işləridir.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Kazım Kazımzadə və Şəfayət Mehdiyev küçələrində, həmçinin İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən Gülbala Əliyev küçəsində isə saat 10:00-dan 14:00-dək işıq olmayacaq.
Abşeronda aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək “Pirkəşkül”, “Çaylı” və “Cəngi” yarımstansiyalarından qidalanan bəzi ərazilərdə, eləcə də Çaylı, Cəngi və Təzəkənd kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə elektrik enerjisinin verilişi bərpa olunacaq.