Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır.
Sesxeber.com bildirir ki, Səhiyyə Nazirliyindən verilən xəbərə görə, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir.
“Hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir. Qeydiyyata alınan yoluxma halları ayrı-ayrı sporadik hallardan ibarətdir, hər hansı epidemiya və ya kütləvi yayılma qeydə alınmayıb.”, – deyə nazirlikdən bildirilib.
Epidemik parotit daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında müşahidə edilir. Xəstəlik əsasən hava-damcı yolu ilə – öskürmə, asqırma və yaxın təmas zamanı ötürülür. İnkubasiya dövrü adətən 11–23 gün davam edir.
Xəstəliyin əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaqətrafı tüpürcək vəzilərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalmasıdır.
Əksər hallarda epidemik parotit yüngül keçir və tam sağalma ilə nəticələnir. Bununla belə, peyvənd olunmamış yeniyetmələrdə və böyüklərdə nadir hallarda müəyyən ağırlaşmaların inkişaf etməsi mümkündür. Bu səbəbdən xəstəliyin qarşısının alınmasında vaxtında peyvəndlənmə xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda Milli Peyvənd Təqviminə uyğun olaraq qızılca, epidemik parotit və məxmərək əleyhinə kombinə olunmuş (QPM) peyvənd uşaqlara 12 aylığında vurulur, 6 yaşında isə revaksinasiya aparılır. QPM peyvəndi epidemik parotitdən qorunmanın ən etibarlı və effektiv vasitəsidir”.