Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin həyətində media nümayəndələrinə qarşı baş verən insident nəzarətə götürülüb.
Sesxeber.com bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 28-də məktəbdə baş verən hadisənin jurnalistlər tərəfindən işıqlandırılması zamanı yaranan insidentlə bağlı araşdırma aparılacaq.
Araşdırmaya hadisənin şahidi olan pedaqoji kollektivin üzvləri, şagirdlər və valideynlər cəlb ediləcək. Nəticələrə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.
Qeyd olunub ki, məsələ ilə bağlı polis orqanları da araşdırma aparır və nəticələrə əsasən hüquqi məsuliyyət tədbirləri görüləcək.
BŞTİ, həmçinin həssas hadisələrin işıqlandırılması zamanı uşaqların anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunmasının vacibliyini vurğulayıb. Şagirdlərdən müsahibə alınmasının və onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək davranışların yolverilməz olduğu bildirilib.