2027-ci il aprelin 19-dan 21-dək Bakıda “AAPG Caspian & Black Sea Oil & Gas Conference 2027” beynəlxalq neft-qaz konfransı keçiriləcək.
Sesxeber.com bildirir ki, Amerika Neftçi Geoloqlar Assosiasiyasının Avropa bölməsinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə neft-qaz sənayesinin nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, investorlar və texniki mütəxəssislər iştirak edəcəklər.
Konfransda Xəzər və Qara dəniz regionlarında neft-qaz sektorunun inkişaf perspektivləri, hasilat və kəşfiyyat layihələri, ixrac infrastrukturunun şaxələndirilməsi, investisiyalar və innovativ texnologiyaların tətbiqi müzakirə olunacaq.
“Energetikanın dinamik gələcəyi üçün geoloji həllər” devizi altında keçiriləcək tədbir çərçivəsində texniki sessiyalar, praktiki seminarlar və tematik sərgi də təşkil ediləcək.