2026-cı ilin ilk altı ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı ümumilikdə 292 müraciət daxil olub.
Sesxeber.com bildirir ki, bu barədə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Bildirilib ki, məişət zorakılığı ilə bağlı müraciət edənlərin 230-u qadın, 47-si kişi, 15-i isə uşaqdır.
T.Mərdanoğlunun sözlərinə görə, daxil olan müraciətlərin böyük əksəriyyəti fiziki və psixoloji zorakılıq halları ilə bağlıdır. Bununla yanaşı, iqtisadi zorakılıq faktları da qeydə alınıb:
“Hər bir müraciət operativ qaydada araşdırılıb, vətəndaşlara hüquqi, psixoloji və sosial dəstəyin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Müraciətlərin xarakterindən asılı olaraq aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə aparılıb, zəruri hallarda mühafizə və müdafiə mexanizmlərinin tətbiqi üçün müvafiq addımlar atılıb.
Məişət zorakılığı ilə bağlı müraciətlər üzrə operativ reaksiya təmin edilməklə yanaşı, zərərçəkmiş şəxslərin təhlükəsizliyinin qorunması, hüquqlarının təmin edilməsi və onların müvafiq xidmətlərə yönləndirilməsi daim diqqətdə saxlanılıb. Eyni zamanda, hər bir müraciət üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət həyata keçirilib”.