Azərbaycanın 20 yaşadək qızlardan ibarət voleybol millisi Avropa çempionatının I təsnifat mərhələsində iştirak edəcək.
Sesxeber.com Azərbaycan Voleybol Federasiyasından verilən məlumata əsasən bildirir ki, yarış 22-25 oktyabr tarixlərində Gürcüstanın Rustavi şəhərində keçiriləcək.
Turnirdə Azərbaycanla yanaşı, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və Gürcüstan yığmaları mübarizə aparacaq.
Azərbaycan millisi A qrupunda Polşa və Latviya komandaları ilə qarşılaşacaq. Digər qrupda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna yer alıb.
Qrupların qalibləri turnirin həlledici oyununda üz-üzə gələcəklər. Finalın qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Digər yüksək yerləri tutan komandalar isə II təsnifat mərhələsində iştirak hüququ əldə edəcəklər.