Azərbaycanda işçilərin minimum 21 təqvim günü olan əsas əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinin qadağan edilməsi təklif olunur.
Sesxeber.com bildirir ki, bu barədə Əmək Məcəlləsinə dəyişiklik layihəsində müddəa nəzərdə tutulub.
Təklifə əsasən, işçilərin istirahət hüququnun təmin edilməsi məqsədilə minimum məzuniyyət müddətinin faktiki istifadə olunması əsas götürülür. Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi isə istisna olaraq saxlanılır.
Azərbaycanda məzuniyyət hüququ ilə bağlı qanunvericilik son 32 ildə bir neçə dəfə dəyişdirilib. 1994-cü ildə qəbul edilən “Məzuniyyətlər haqqında” Qanunda əsas əmək məzuniyyətinin müddəti 21 və ya 30 təqvim günü müəyyən edilmişdi.
1999-cu ildə qəbul edilən yeni Əmək Məcəlləsində də minimum əsas məzuniyyət müddəti 21 gün olaraq saxlanılıb. Müəyyən kateqoriyadan olan işçilər üçün isə 30 günlük məzuniyyət hüququ nəzərdə tutulub.
2006-cı ildə edilən dəyişikliklə əmək münasibətləri davam edərkən məzuniyyətin pulla əvəzlənməsini qadağan edən müddəa Məcəllədən çıxarılıb.
2026-cı il fevralın 18-də isə Konstitusiya Məhkəməsi istifadə edilməmiş əlavə əmək məzuniyyətlərinə görə kompensasiya ödənilməsi ilə bağlı qərar qəbul edib. Qərara əsasən, işdən ayrılan şəxslərə istifadə etmədikləri əlavə məzuniyyət günlərinə görə də kompensasiya ödənilməsi təmin edilməlidir.
Hazırkı qanunvericiliyə görə, əsas əmək məzuniyyəti minimum 21 təqvim günü təşkil edir. Əmək şəraiti, iş stajı və digər qanuni əsaslardan asılı olaraq işçilərə əlavə məzuniyyət günləri də verilə bilər.
Məzuniyyət haqqı isə işçinin əvvəlki 12 təqvim ayı üzrə orta əməkhaqqı əsasında hesablanır və məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilməlidir.
Qeyd edək ki, məzuniyyət günlərinin pulla əvəzlənməsinə dair yeni dəyişikliklər hələlik təklif mərhələsindədir.