Rusiyalı mütəxəssislər Azərbaycanda zirehli texnikanın təmiri və texniki xidmətinin həyata keçirilməsi üçün nəzərdə tutulan infrastruktur obyektlərinin tikintisi və modernləşdirilməsinə dəstək göstərəcəklər.
Sesxeber.com bildirir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Zvezda” telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, tərəflər arasında artıq müvafiq kompleks saziş imzalanıb. Proqram Azərbaycan Ordusunun silahlanmasında olan zirehli texnikanın təmiri üçün obyektlərin tikintisini və mövcud infrastrukturun modernləşdirilməsini nəzərdə tutur.
Şuqayev, həmçinin Rusiyanın “Pantsir-S1” zenit-raket və top komplekslərinə tərəfdaş ölkələrin marağının yüksək olaraq qaldığını bildirib. O, bu hava hücumundan müdafiə sistemlərinin kifayət qədər tələbat gördüyünü vurğulayıb və yaxın perspektivdə onların Azərbaycana tədarükü ilə bağlı müqavilələrin imzalana biləcəyini istisna etməyib.