“Köklü Değişim Medya”nın İstanbul təmsilçisi Muhammed Emin Yıldırım İstanbul polisi tərəfindən saxlanılıb.
Sesxeber.com bildirir ki, bu barədə media şirkəti “X” hesabında məlumat yayıb.
Türkiyə mətbuatının məlumatına görə, Yıldırım sosial şəbəkələrdəki paylaşımlarına görə İstanbul polisi tərəfindən saxlanılıb. Lakin hüquq-mühafizə orqanları onun saxlanılma səbəbini açıqlamayıb.
Qeyd edək ki, Azərbaycan oktyabrın 21-də Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslərin müxtəlif sosial şəbəkələrdə və internet platformalarında Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönəlmiş, eləcə də hakimiyyətin zorla dəyişdirilməsinə, dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönələn açıqlamaları nəzərə alınıb.
Muhammed Emin Yıldırımın da adı həmin siyahıda yer alıb.