Türkiyənin bəzi media resurslarında və sosial şəbəkələrdə Azərbaycanda hicabla bağlı kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan iddialara münasibət bildirilib.
Sesxeber.com bildirir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurası açıqlama yayıb.
Açıqlamada sözügedən iddiaların əsassız olduğu və dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə yönəldiyi bildirilib.
Qeyd olunub ki, bəzi siyasi və ictimai şəxslərin saxta məlumatların yayılmasında iştirak etməsi, əsassız iddiaları təhqiramiz ifadələrlə təqdim etməsi onların ictimai məsuliyyətinə ziddir.
Media və Yayım Şurası bu cür dezinformasiyanın yayılmasını qətiyyətlə pisləyib.
Qurum media nümayəndələrini, siyasi və ictimai şəxsləri informasiya yayarkən məsuliyyətli davranmağa, vətəndaşları isə məlumatları etibarlı mənbələrdən yoxlamağa və saxta xəbərlərin yayılmasına şərait yaratmamağa çağırıb.