2020-ci il oktyabrın 20-si Vətən müharibəsinin 24-cü günü idi.
Sesxeber.com xatırladır ki, həmin gün cəbhənin müxtəlif istiqamətlərində döyüşlər davam edib. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv edib, Ermənistan silahlı qüvvələrinin bir sıra bölmələri isə ağır itkilər verərək geri çəkilməyə məcbur olub.
Günün sonunda Ermənistan silahlı qüvvələrinə məxsus PUA Goranboy rayonu istiqamətində məhv edilib. Düşmən Goranboy və Tərtər rayonlarını raket-artilleriya atəşinə tutub.
Oktyabrın 20-də Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdiyini bildirib.
Həmin gün dövlət başçısı sosial şəbəkə hesabında Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının kəndlərinin, eləcə də Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.
Beləliklə, Vətən müharibəsinin 24-cü günündə dörd rayonun 25 yaşayış məntəqəsi, o cümlədən Zəngilan şəhəri işğaldan azad edilib.