ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bəşəriyyət tarixində müasir dövrün ən qalmaqallı qərarlarından birini verib. 2009-cu ildə hərbi bazada kütləvi qətliam törədən keçmiş hərbi psixiatr Nidal Həsənin edam prosesi internet üzərindən canlı yayımlana bilər.
Sesxeber.com bildirir ki, müdafiə naziri Pit Heqset prosesin ictimaiyyətə açıq olacağını bəyan etdikdən sonra, Pentaqon edamın rəsmi olaraq canlı yayım formatında təqdim ediləcəyini qeyd edib. Nazir bu addımın “insanların bu növ ağır cinayətlərin ciddi nəticələrini öz gözləri ilə görməsi” üçün atıldığını bildirib.
Məhkəmənin qərarına əsasən, edam 3 dekabr 2026-cı il tarixində, hadisənin baş verdiyi Texas ştatındakı Fort-Hudd hərbi bazasında baş tutacaq. Nidal Həsən güllələnərək edam ediləcək. Bu, ABŞ ordusunda son 65 ildə icra edilən ilk hərbi edam olacaq.
Xatırladaq ki, keçmiş hərbi psixiatr, mayor Nidal Malik Həsən 2009-cu ildə Fort-Hudd hərbi bazasında radikal dini şüarlarla atəş açaraq 13 hərbçini qətlə yetirmiş, 32 nəfəri isə yaralamışdı. Hadisə zamanı iflic olan Həsən 2013-cü ildə hərbi məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib. Bir neçə gün əvvəl isə ABŞ Prezidenti Donald Tramp edam fərmanını rəsmən imzalayıb.
Qərar həm ABŞ daxilində, həm də beynəlxalq səviyyədə hüquq müdafiəçiləri tərəfindən kəskin etirazla qarşılanıb və böyük müzakirələrə yol açıb.
Qeyd edək ki, hüquqşünaslar apellyasiya prosesinin bitmədiyini və əlavə məhkəmə müraciətlərinin edamı dayandıra biləcəyini bildirirlər. Yəni elan edilmiş planın icrası hələ qəti deyil.
