Bakıxanov stansiyasından Bakı Dəmiryol Vağzalına hərəkət edən elektrik qatarlarında səhər saatlarında yaranan sıxlıq sərnişinlərin narazılığına səbəb olub.
Sərnişinlər səhər saatlarında əlavə reyslərin təşkil olunmasını və qatarlar arasındakı intervalın azaldılmasını xahiş edirlər.
ADY-dən sesxeber.com-a bildirilib ki, hazırda həftəiçi günlərdə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə gündəlik reyslərin sayı 108-ə çatdırılıb. Bakıxanovdan vağzal istiqamətində isə gün ərzində 39 reys həyata keçirilir.
Qurumun məlumatına görə, səhər saatlarında Bakıxanovdan vağzal istiqamətində 06:35-dən 08:46-dək 10 reys nəzərdə tutulub.
Həmçinin bildirilib ki, sentyabrın 15-dən etibarən ADY gündəlik təxminən 52 min sərnişin daşıyır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25% çoxdur.