Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat portalı vasitəsilə daha 3 beynəlxalq rəqəmsal xidmət təchizatçısının vergi uçotuna alınması başa çatıb.
Sesxeber.com bildirir ki, yeni qeydiyyata alınmış şirkətlər Niderlandın “Zoho Corporation B.V.”, ABŞ-nin “Zoom Communications, Inc.” və “OpenAI OpCo, LLC” şirkətləridir. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.
Bu il Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.